top of page
  • LinkedIn
  • YouTube
  • Twitter
Search

UPS İnverterlərində Half-Bridge və Full-Bridge Dövrələri, İş Prinsipi və Texniki Müqayisə

Vagif Aliyev
Nov 10
3 min read

UPS (Uninterruptible Power Supply) sistemləri elektrik enerjisinin kəsilməsi zamanı qoşulmuş avadanlıqların fasiləsiz enerji ilə təmin olunması üçün istifadə edilir.

UPS-in əsas hissələrindən biri inverterdir. İnverter batareyadan və ya DC Bus-dan alınan sabit cərəyanı (DC) dəyişən cərəyana (AC) çevirir.

UPS inverterlərinin qurulmasında müxtəlif güc elektronikasına aid sxemlərdən istifadə olunur. Bunlardan ən geniş yayılmışları:


  • Half-Bridge Inverter (Yarım körpü inverteri)

  • Full-Bridge Inverter (Tam körpü inverteri)


Bu iki topologiya güc açarlarının sayı, çıxış gərginliyi, idarəetmə prinsipi və tətbiq sahələrinə görə fərqlənir.


Half-Bridge Inverter (Yarım körpü inverteri)


Half-Bridge inverteri iki güc açarından istifadə etməklə qurulan DC-AC çevirici dövrəsidir.

Bu sxemdə əsasən aşağıdakı komponentlər iştirak edir:


  • İki ədəd IGBT və ya MOSFET tranzistor

  • İki ədəd DC Bus kondensatoru

  • İdarəetmə və Gate Driver dövrəsi

  • Çıxış transformatoru və ya LC filtr



Half Bridge Dövrəsi.
Half Bridge Dövrəsi.

İş prinsipi:


Half-Bridge sxemində DC Bus gərginliyi iki kondensator vasitəsilə bölünür.

Məsələn, DC Bus gərginliyi 400V DC olarsa, ideal halda hər kondensatorun üzərində 200V DC gərginlik yaranır.

Tranzistorlar növbə ilə açılıb-bağlanır:


Birinci tranzistor (Q1):


Q1 açıldıqda yükə müsbət istiqamətli gərginlik tətbiq olunur.


İkinci tranzistor (Q2):


Q2 açıldıqda yükə mənfi istiqamətli gərginlik tətbiq olunur.


Bu proses periodik şəkildə təkrarlanaraq dəyişən xarakterli çıxış gərginliyi yaradır.

Tranzistorların eyni anda açılması yolverilməzdir. Əks halda DC Bus qısaqapanması (Shoot-through) baş verə bilər.

Bunun qarşısını almaq üçün idarəetmə dövrəsində Dead Time tətbiq olunur.



Half-Bridge inverterinin üstünlükləri:


  • İki güc tranzistorundan istifadə edilir.

  • İdarəetmə sxemi nisbətən sadədir.

  • Komponent sayı Full-Bridge ilə müqayisədə azdır.

  • Orta və aşağı güclü tətbiqlərdə istifadə oluna bilər.


Çatışmazlıqları:


  • Eyni DC Bus gərginliyində çıxış gərginliyi Full-Bridge-dən aşağıdır.

  • DC Bus-ın bölünməsi tələb olunur.

  • Kondensatorların gərginlik balansının qorunması vacibdir.


Full-Bridge Inverter (Tam körpü inverteri):


Full-Bridge inverteri H-Bridge kimi də tanınır.

Bu sxemdə dörd ədəd güc tranzistorundan istifadə edilir.

Əsas komponentləri:


  • Dörd ədəd IGBT və ya MOSFET

  • Gate Driver dövrələri

  • DC Bus

  • İdarəetmə sistemi

  • Çıxış LC filtri.



Full Bridge Dövrəsi.
Full Bridge Dövrəsi.

İş prinsipi:


Full-Bridge inverterində dörd tranzistor iki qola bölünür.

Q1 və Q2 birinci qolu, Q3 və Q4 isə ikinci qolu təşkil edir.

Tranzistorlar diaqonal cütlər şəklində idarə olunur.


Birinci mərhələ:


Q1 və Q4 açılır.

Bu zaman yükdən bir istiqamətdə cərəyan axır və yükə müsbət gərginlik tətbiq olunur.


İkinci mərhələ:


Q2 və Q3 açılır.

Bu zaman yükdən cərəyan əks istiqamətdə axır və yükə mənfi gərginlik tətbiq olunur.

Bu iki mərhələnin növbəli təkrarlanması nəticəsində dəyişən gərginlik əldə edilir.

Qolların yuxarı və aşağı tranzistorları eyni anda açılmamalıdır. Bunun üçün Dead Time tətbiq edilir.



Full-Bridge inverterinin üstünlükləri:


  • Daha yüksək çıxış gərginliyi əldə etmək mümkündür.

  • Eyni DC Bus gərginliyində Half-Bridge ilə müqayisədə daha yaxşı gərginlik istifadəsi təmin edir.

  • Yüksək güclü UPS sistemlərində istifadə üçün əlverişlidir.

  • Sinusoidal PWM idarəetməsi ilə sinusoidal çıxış gərginliyi yaratmaq mümkündür.


Çatışmazlıqları:


  • Dörd güc tranzistoru tələb edir.

  • Gate Driver idarəetməsi daha mürəkkəbdir.

  • Komponent sayı və idarəetmə xərcləri daha yüksəkdir.


Half-Bridge və Full-Bridge arasındakı fərqlər:


Half Bridge Dövrəsi:


  • DC Bus 2 hissəyə bölünür.

  • Çıxış gərginliyi daha aşağı olur.

  • İdarəetmə nisbətən sadə olur.

  • Komponent sayı az.

  • Güc tətbiqi - Aşağı və orta güclü sistemlər.


Full Bridge Dövrəsi:


  • Tam DC Bus istifadə edilir.

  • Çıxış gərginliyi daha yüksək olur.

  • İdarəetmə daha mürəkkəbdir.

  • Komponent sayı çoxdur.

  • Güc tətbiqi - Müxtəlif orta və yüksək güclü sistemlərdir.


UPS inverterlərində LC filtrin rolu:


Half-Bridge və Full-Bridge inverterlərində tranzistorların açılıb-bağlanması nəticəsində impuls xarakterli gərginlik yaranır.

Sinusoidal çıxış əldə etmək üçün PWM idarəetməsindən və LC filtrindən istifadə edilir.

LC filtr iki əsas komponentdən ibarətdir:


  • L - Inductor (İnduktivlik, sarğı).

  • C - Capacitor (Kondensator).


İnduktivlik yüksək tezlikli cərəyan dəyişmələrini məhdudlaşdırır, kondensator isə yüksək tezlikli gərginlik komponentlərinin azaldılmasına kömək edir.

Nəticədə yükə daha hamar sinusoidal gərginlik ötürülür.


SPWM siqnalları və LC Filter.
SPWM siqnalları və LC Filter.
SPWM siqnalları və LC Filter.
SPWM siqnalları və LC Filter.

 
 
 

Comments


Anchor 1
bottom of page